Fransalı nazir: "Avropa İttifaqı ABŞ-a cavab verməyə hazırdır"

2019.12.04 18:41 (UTC+04:00)

Avropa İttifaqı ABŞ-ın fransız mallarına tətbiq edəcəyi mümkün rüsumlara cavab verməyə hazırdır. Bunu Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Le Mer "Radio Classique" radiostansiyasına müsahibəsində deyib: "Fransaya qarşı yeni sanksiyalar qəbuledilməzdir. Bu qərar müttəfiqlik ruhu ilə verilməyib. ABŞ-ın sanksiya tətbiq edəcəyi təqdirdə Avropa İttifaqının buna sərt cavab verəcəyindən əmin olmaq üçün Avropa Komissiyasının nümayəndələri ilə bu məsələni müzakirə etmişik".

Xatırladaq ki, dekabrın 2-də ABŞ-ın ticarət danışıqları prosesindəki nümayəndəsi aparatından verilən məlumata görə, Birləşmiş Ştatlar Fransanın Amerika kompaniyalarına qarşı rəqəmsal rüsumuna cavab olaraq 2,4 milyard dollar həcmində fransız mallarına 100 faizlik rüsum tətbiq edə bilər. Əlavə rüsumların tətbiq oluna biləcəyi məhsullara, Fransada istehsal olunan süd məhsulları, o cümlədən pendir, eləcə də şampan şərabları, kosmetik vasitələr, çantalar, çini qablar daxildir.

İyulun 11-də Fransa Senatı (parlamentin yuxarı palatası) rəqəmsal xidmətlər göstərən iri kompaniyaların vergi ödəmələri barədə qanun layihəsini qəbul edib. Qanun dövriyyəsi dünyada 750 milyon avronu və Fransada 25 milyon avronu keçən online-reklam, internet ticarəti və buna bənzər fəaliyyətlə məşğul olan bütün kompaniyalara aiddir.