Azərbaycanda tezliklə "Avro-5" standartında dizel və benzin istehsal olunacaq

2019.12.04 17:31 (UTC+04:00)

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi ölkəmizdə ekoloji vəziyyəti yaxşılaşdıracaq. Şirkətdən bildirilib ki, 1953-cü ildə əsası qoyulan zavodda hazırda modernləşdirmə və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində 2021-2022-ci illərdə Azərbaycanda "Avro-5" standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tonadək artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernləşdirilməsi işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standardlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.