"Azərbaycanda orta səviyyəli hotellərin gəlirinin 65 faizi otaq, 25 faizi iaşə, 10 faizi isə digər əlavə xidmətlər hesabına formalaşır". Bu fikri Bakıda keçirilən Azərbaycan Hotel Assosiasiyasının (AHA) 2-ci Baş Assambleyasında çıxış edən qurumun hökumətlə əlaqə və tənzimləmə üzrə işçi qrupunun rəhbəri Elgün Məmmədov səsləndirib. Onun sözlərinə görə, belə otellərin xalis mənfəətinin onların gəlirinə nisbəti 6 faizi ötmür: "Hotellər gəlirinin 40 faizini əməkhaqqı fonduna, 25 faizini digər fondlara, 10 faizini satış əməliyyatlarına, 9 faizini amortizasiyaya, 8 faizini qeyri-satış əməliyyatlarına, 2 faizini isə gəlir vergisinə yönəldir. Burada onlara qalan cəmi 6 faiz olur. Bu rəqəm də iş adamlarına əsas verir ki, hotel açsınlar yoxsa başqa işlə məşğul olsunlar".
AHA-nın turizm nöqtələri və məhsulların inkişafı üzrə işçi qrupunun rəhbəri Firuz Süleymanov isə bildirib ki, gələcəkdə bütün hotellərin internet saytından nömrə bron etmək mümkün olacaq: "Hotellər turistlərin istəklərini də nəzərə almalıdır. Tez-tez eşidirik ki, Çindən gələn turistlər daha az yağlı, Hindistandan gələn turistlər isə daha acı qidalar istəyir".