Ölkəmizdə aparılan islahatlar real nəticələr verir

2019.12.04 14:11 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı islahatların nəticəsindən danışarkən bildirib ki, hazırda həm tədiyə balansında, həm də dövlət büdcəsinin balansında profisit var. Manatın məzənnəsinin sabit qalması, eyni zamanda inflyasiyanın aşağı səviyyədə olması fiskal dayanıqlığın göstəricisidir: "İnqilabi sosial paketin həyata keçirilməsinə bu il 2,3 milyard manat vəsait xərclənib və bəzi opponentlər iddia edirdilər ki, bu, ölkədə inflyasiyanın sürətlənməsi ilə nəticələnəcək. Lakin ölkə iqtisadiyyatı inkişaf etdiyi üçün inflyasiya tam nəzarət altındadır. Bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı 3,5 faiz həddindədir. Bu, dünyadakı orta iqtisadi artım tempindən üstün göstəricidir. Yəni iqtisadi artım tempinə uyğun olaraq islahatların, o cümlədən sosial islahatların həyata keçirilməsi inflyasiyanın nəzarətdə olmasına imkan yaradır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, il ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ilkin göstəricilərə görə ən azı 16 faiz artıb. Qeyri-neft sənayesində artım 15 faizin, rabitə, informasiya və yüksək texnologiyalar sahəsində 17 faizin, kənd təsərrüfatında isə 7 faizin üzərindədir.

Həm ölkə iqtisadiyyatının inkişafı, həm də Prezident İlham Əliyev tərəfindən aparılan vergi-gömrük islahatları nəticəsində ilin əvvəlindən büdcəyə təxminən 850 milyon dollardan artıq plandan əlavə vəsait toplanıb. İlin sonuna qədər təxminən 1 milyard manatlıq vəsaitdən söhbət gedir ki, bu vəsaitin hamısı bilavasitə ölkədə həyata keçirilən sosial paketin maliyyə təminatına xərclənib".

Vüsal Qasımlı Azərbaycanın beynəlxalq səviyyədə əsas reytinqlərdə bu il də irəliləyiş əldə etdiyini vurğulayıb: "Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərdir. "Heritage" Fondunun təqdim etdiyi "İqtisadi Azadlıq İndeksi"ndə Azərbaycan irəliləyərək 61-ci yerdə qərarlaşıb. Bu reytinqin tarixində ən çox irəliləyiş əldə etmiş ölkə məhz Azərbaycandır. Bundan başqa, ölkəmiz Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda daha 11 pillə irəliləyərək 58-ci yerə çıxıb. "Doing Business" hesabatında isə Azərbaycan yenə də ən islahatçı ölkə statusunu saxlayıb və dünyanın 20 ən islahatçı ölkəsi sırasındadır".

Səbuhi TURAN