TANAP Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edəcək

2019.12.04 11:47 (UTC+04:00)

Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin açılışı ilə dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsində işlər artıq yekunlaşmaq üzrədir. Gələn ildən Azərbaycan qazının Avropaya ixracına başlanılacaq. Bununla da Xəzərin Azərbaycan sektorundan çıxarılan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql ediləcək. Azərbaycan qazının ixracından Türkiyə, Yunanıstan və İtaliya ilə yanaşı, Bolqarıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina kimi marşrut üzərindəki ölkələr də faydalanacaq.

Millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, TANAP Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edə biləcək və reallaşan mühüm layihə olmaqla yanaışı, regionda təhlükəsizliyin qarantı və yeni investisiyaların gəlməsi üçün əməkdaşlıq formatıdır: "Keçən il TANAP layihəsinin Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər hissəsinin açılışı oldu və Azərbaycandan Türkiyəyə qaz ixracına başlanıldı. Kəmərin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan hissəsi açılışı isə noyabrın 30-da olub. Bu layihə həm Avropanın, həm də Orta Şərqin ən böyük qaz xətti layihəsidir. TANAP həm uzunluğuna, həm də borunun diametrinin enliliyinə görə bu regionda bərabəri olmayan layihədir. Cənub Qaz Dəhlizinin son həlqəsi olan TAP-ın da işə düşməsi ilə Cənub Qaz Dəhlizi tamamlanmış olacaq.

Bütövlükdə Cənub Qaz Dəhlizi ilə Xəzərin qaz ehtiyatlarının Avropa istehlakçısına birbaşa çatdırılması həm Azərbaycan iqtisadiyyatı üçün, həm də Azərbaycan dövlətinin beynəlxalq nüfuzu üçün çox mühim əhəmiyyət kəsb edir".

Səbuhi TURAN