Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva bu gün keçirdiyi brifinqdə bildirib ki, ötən il vergi qanunvericiliyinə kifayət qədər köklü dəyişikliklər edilmişdi və qanunvericiliyə yeni dəyişikliklər, əsasən, ötən il başlayan islahatların məntiqi davamıdır. Ölkə başçısının bir sıra sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı konkret tapşırıqları bina tikintisində vahid vergi rejiminin müəyyən edilməsi, əmtəəsiz əməliyyat, riskli vergi ödəyiciləri ilə mübarizəyə dair təkliflərin verilməsi kimi mühüm istiqamətləri əhatə edir.
Bu il vergi qanunvericiliyinə edilən dəyişikliklərdə əsas məqsəd ədalətli rəqabət mühitinin şərti olan şəffaf fiskal mühitin yaradılmasıdır. Vergi Məcəlləsinə riskli vergi ödəyiciləri, riskli əməliyyatlar, əmtəəsiz əməliyyat, anlayışları əlavə edilib: "Burada əsas məqsəd həmin kateqoriyadan olan sahibkarlıq subyektlərinin apardığı əməliyyatların real iqtisadi əhəmiyyəti olmadığına görə həmin əməliyyatların hüquqi statusunu müəyyən etmək və istər bu növ əməliyyatları aparan sahibkarlıq subyektlərinin, istərsə də onların biznes tərəfdaşlarının əməllərinin vergi inzibatçılığı ilə tənzimlənməsi və zəruri hallarda cəza tədbirlərinin görülməsidir.
Sahibkarlıq subyektlərinin qanunsuz əməlləri ilə mübarizə aparmaq, həmçinin nağdsız hesablaşmaları stimullaşdırmaq üçün ötən il qanunvericiliyə edilən dəyişikliklərdən sonra hələ də pərakəndə ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və ya quraşdırıldığı halda istehlakçıya ondan istifadə üçün şərait yaradılmaması hallarına rast gəlirik. Həmin hallara görə sahibkarlıq subyektlərinə maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulub. Bu növ maliyyə sanksiyaları nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatlarının quraşdırılmaması və ya çekin təqdim edilməməsinə görə mövcud olan sanksiyalara bərabər tutulur. Təqvim ili ərzində ilk dəfə POS- terminalların quraşdırılmamasına və ya onu təqdim etməkdən imtina halına yol verdikdə sahibkarlıq subyektinə 1.000 manat, ikinci dəfə yol verdikdə 3.000 manat, üçüncü dəfə və daha artıq yol verdikdə 6.000 manat maliyyə sanksiyası tətbiq olunacaq".
S.Musayeva qeyd edib ki, gələn ildən aksiz vergisinin məbləğinin artırılması məqsədlərindən biri də icbari tibbi sığortanın maliyyə mənbəyinin müəyyən bir hissəsinin təmin edilməsi ilə bağlıdır. Beynəlxalq təcrübədə də aksizli mallara tətbiq edilən aksiz vergisinin bir qismi məhz əhalinin sağlamlığının qorunması məqsədlərinə yönəldilir. Vergi Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, aksizli mallara tətbiq edilən verginin qanunla müəyyən edilən hissəsi tibbi sığorta fonduna köçürüləcək: "Yeri gəlmişkən, gələn ildən bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması, digər malların aksiz dərəcələrinin isə optimallaşdırılması, habelə tündləşdirilməmiş alkoqollu içkilərin aksizli malların siyahısına əlavə edilməsi və aksizli mallar üzərində vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər də nəzərdə tutulub. 1 litr pivə üçün aksiz vergisi gələn ildən 20 qəpikdən 40 qəpiyə qaldırılacaq. Belə hesab edirik ki, 1 litr üçün aksiz vergisinin 20 qəpik artması nə istehlakçıların alıcılıq qabiliyyətinə, nə də istehsal həcminə mənfi təsir edəcək".
S.Musayeva bu halın siqaret istehsalına da şamil edildiyini bildirib: "Aksiz vergisinin artırılması daha çox icbari tibbi sığortanın gəlir mənbələrinin formalaşdırılması və bu sahədə ümumi beynəlxalq tövsiyələrin nəzərə alınması ilə bağlıdır. Ölkədə qaçaqmalçılığa qarşı ciddi mübarizə aparılır. Ümid edirik ki, bu sahədə hansısa formada qaçaqmalçılıq artmayacaq. Çünki kifayət qədər ciddi dövlət nəzarəti var".
S.Musayeva ƏDV-nin bir hissəsinin vətəndaşlara qaytarılması barədə qeyd edib ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənilən ƏDV-nin istehlakçılara yeni nəsil nəzarət-kassa aparatlarının təqdim etdiyi çeklər əsasında qaytarılması nəzərə tutulub: "Nazirlər Kabineti yeni nəsil kassa aparatlarının tətbiqi qrafikini müəyyənləşdirib. Belə hesab edirik ki, bu ilin sonuna qədər bu iş yekunlaşdırılacaq".
Bildirilib ki, gələn ildən tikinti şirkətləri üçün vahid vergi rejimi tətbiq ediləcək. Artıq şirkətlər ƏDV ödəyicisi kimi aldıqları bütün mal və xidmətləri rəsmiləşdirərək mənzillərin maya dəyərinin ucuzlaşmasına xidmət edəcəklər: "Mənzillərin qiymətinin formalaşmasında maya dəyərinin elementləri olan tikinti materialları, bir sıra tikinti xidmətləri əldə olunan zaman onların qiymətinə ƏDV də daxildir. Sadələşdirilmiş vergi ödəyiciləri tikinti materiallarının alınması zamanı onlara ödənilən ƏDV-ni əvəzləşdirə bilmədiyinə görə həmin məbləğ maya dəyərində əks olunurdu. Ona görə mənzilin maya dəyəri artırdı. ƏDV rejiminə keçiddən sonra binanın tikilməsi ilə bağlı çəkilən xərclərə görə ödənilən ƏDV əvəzləşdiriləcək, ona görə də maya dəyəri aşağı düşəcək. Bundan sonra isə həmin yaşayış və qeyri-yaşayış sahələri ƏDV tətbiq edilməklə istehlakçılara təqdim olunacaq. Yaşayış və qeyri-yaşayış sahələrinə tətbiq edilən ƏDV-nin bir hissəsi isə vətəndaşa geri qaytarılacaq".
S.Musayeva bildirib ki, vətəndaş aldığı əmlakın dəyərini nağdsız qaydada təqdim etdikdə onun ödədiyi ƏDV-nin 30 faizlik hissəsi dövlət tərəfindən geri qaytarılacaq.
Fərqanə ALLAHVERDİQIZI