Neftin qiymətinin 55 dollardan götürülməsi dövlət büdcəsinin dayanıqlığını artırır

2019.12.03 15:32 (UTC+04:00)

Millət vəkili Tahir Mirkişili bildirib ki, bir sıra maliyyə qurumları və beynəlxalq təşkilatlar gələn il üçün neftin qiymətinin 2019-ci ilə nisbətən daha aşağı olacağını proqnozlaşdırıb. Ona görə də 2019-cu ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollardan götürüldüyü halda, gələn ilin dövlət büdcəsində 55 dollardan hesablanıb: "Neftin qiymətinin dəyişməsi ilə bağlı bir çox proqnozlar mövcuddur. Bəzi ixtisaslaşmış beynəlxalq təşkilatların verdiyi proqnozlarda 2020-ci il üçün neftin orta qiymətinin təxminən 58-61 dollar arasında dəyişəcəyi qeyd edilir.

Azərbaycanın gələnilki dövlət büdcəsində neftin qiymətinin 55 dollardan götürülməsi beynəlxalq proqnozlara əsaslanır. Bununla yanaşı, indiki halda bu yanaşma daha məqbuldur və kifayət qədər dayanıqlıdır. Neftin qiymətinə bir çox siyasi, iqtisadi amillərin təsiri olduğunu da nəzərə alınmalıdır. Amma ümumilikdə qəbul olunmuş yanaşmaya əsasən, "qara qızıl"ın hər barelinin qiymətinin 60 dollar ətrafında olması həm istehsalçıları, həm də istehlakçıları qane edir. Ona görə də bir barel neftin qiymətinin 55 dollardan götürülməsi büdcə öhdəliklərinin yerinə yetirilməsinə tam imkan verəcək və Azərbaycanın dövlət büdcəsinin dayanıqlığını daha da artıracaq".

Səbuhi TURAN