İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az" portalı Bakı şəhərində keçirilən və Xəzər bölgəsindəki ən böyük İT sərgisi olan "Bakutel" sərgisində səyyar xidmət mərkəzi ilə təmsil olunur. Qeyd edək ki, netvorkinq və işgüzar əməkdaşlıqların qurulması üçün unikal məkan olan "Bakutel" sərgisində dünyanın 30 –dək ölkəsindən 200-dən artıq şirkət iştirak edir.
"Azexport.az" portalının meneceri Ayxan Qədəşov bildirib ki, Prezident İlham Əliyevin Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən yaradılan www.azexport.az sahibkarlara innovativ həllərdən istifadə edərək beynəlxalq müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə dair yeni imkanlar təqdim edir: "Mövcud imkanların nümayişi və beynəlxalq arenada təcrübə mübadiləsinin aparılması baxımından "Azexport.az" internet portalının "Bakutel" sərgisində iştirakı çox önəmlidir.
Sərgidə yerli və beynəlxalq informasiya kommunikasiya texnologiyaları şirkətləri ilə yanaşı müxtəlif fəaliyyət sahələrini əhatən edən 50-dək startap da iştirak edir. Qeyd edim ki, "Azexport.az" portalı Azərbaycan Respublikasında istehsal olunan məhsul və xidmətlərlə yanaşı yeni startap ideyaların beynəlxalq arenaya tanıdılması və investorların cəlb olunması istiqamətində də işlər görməkdədir. Portal hazırda dünyaca nüfuzlu "Kickstarter" platformasına inteqrasiya olunub. Bu inteqrasiya Azərbaycan startaplarının beynəlxalq arenada tanıdılması və real investorların cəlb olunması istiqamətində atılan uğurlu addımlardan biridir".
Portalın "Səyyar xidmət mərkəzi"ndə Azexportun fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlar təqdim olunur.
"Azexport.az" portalı mütəmadi olaraq beynəlxalq və yerli sərgilərdə təmsil olunur.