Vergilər Nazirliyinin şərhinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirdən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu halda Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair bağlanmış beynəlxalq Sazişlərə əsasən, Azərbaycan Respublikasının rezidenti tərəfindən digər dövlətdə ödənilmiş vergilərin təsdiqi üçün xarici dövlətin bununla bağlı xüsusi forması olduğu halda həmin forma (DTA-02 formasında göstərilən məlumatlar əhatə olunmaqla sərbəst formada) üzrə məlumatlar və ya "Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair" Ərizə (DTA-02 Forması) forması uçotda olduğu vergi orqanına təqdim edilməlidir.
Mənfəət vergisi bəyannaməsinin "Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət vergisinin məbləği" sətrinin xanalarında Vergi Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq, xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət (gəlir) vergisinin məbləği göstərilir. Xarici ölkələrdə ödənilmiş vergilər həmin ölkənin müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməsi barədə sənədin əsasında nəzərə alınır.