Dekabrın 3-də Bakı Ekspo Mərkəzində işə başlayan 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar ("Bakutel") Sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilk dəfə olaraq "KOB virtual müəssisə"ni təqdim edir. KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov bildirib ki, "Deloitte" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təqdim olunan virtual müəssisə istehsal xəttini əhatə edir. "KOB virtual müəssisə" yeni məhsulun hazırlanmasını və istehsalın qurulması prosesini simulyasiya edir. Məqsəd real müəssisə mühitini canlandırmaqla istifadəçilərə iş rejimi ilə tanış olmaq, müvafiq idarəetmə və əmək vərdişlərinə yiyələnmək və inkişaf etdirmək imkanının yaradılmasıdır. Virtual müəssisə istehsal prosesi zamanı aktivlərin idarə edilməsi, işçi heyətinin təlimləri, keyfiyyətə nəzarət və proseslərin vahid mərkəzdən idarə olunmasını sınaqdan keçirməyə imkan verməklə, bu istiqamətlərdə xərclərə qənaət edir. Burada istehsal prosesinə onlayn rejimdə nəzarət edilir və məlumatlar dərhal əldə olunur ki, bu da menecerlər üçün idarəetmə prosesini daha çevik edir.
O.Məmmədov deyib ki, sərgidə, həmçinin KOBİA-nın təşkilatçılığı, "AzerTelecom" və "Paşa Holding"in dəstəyi ilə 10 startap və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri ayrıca stenddə nümayiş edilir. İKT sahəsində fəaliyyət göstərən startap və sahibkarlara dəstək məqsədilə yaradılmış xüsusi stenddə tibbi müayinə üçün proqram təminatı və avadanlıqlar, ingilis dili öyrənmə proqramı, kiber təhlükəsizlik xidmətləri, səsli oyuncaq detalları, reklam, otel xidmətləri və internet saytlarının yaradılması ilə bağlı portallar, məişət tullantılarının idarə edilməsi qurğusu, kənd təsərrüfatı sahəsində onlayn aqronom və digər xidmətlər təqdim olunur.