Dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib. Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Məcəlləyə əlavə və dəyişikliklərin əsas məzmunu, başlıca istiqamətləri, iqtisadi hədəfləri və alətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib.
Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bu günkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə dəyişikliklər layihəsi hazırlanıb və qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Qanun ölkə Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Qeyd olunub ki, Vergi Məcəlləsinə dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar - bərabər və şəffaf fiskal mühitin təmin edilməsi; ƏDV inzibatçılığının təkmilləşdirilməsi; sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi; sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması; sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi; beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir.