Səudiyyə Ərəbistanının səfiri: "Ölkəmizdən Azərbaycana səfər edən turistlərin sayı 100 min nəfərə çatıb"

2019.12.03 11:20 (UTC+04:00)

Bu gün Bakıda "Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları"na dair tədbir işə başlayıb. Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdiyini deyib: "Azərbaycanda bir sıra Səudiyyə Ərəbistanı kapitallı şirkətlər var. İki ölkə arasında müştərək iqtisadi komissiya fəaliyyət göstərir və əlaqələrin inkişafına töhfə verir. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin dəyəri 10 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 33 faiz çoxdur. Amma bu yüksək göstəricisi deyil. Ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var. Bu cür görüşlər qarşılıqlı investisiya mühitini də təşviq edəcək".

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdulla bin Xudayar isə çıxışı zamanı bildirib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayı 100 min nəfərə çatıb.