Bakıda istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 32 milyard manatı ötüb

2019.12.02 14:09 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Bakının sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 32,6 mlrd. manat təşkil edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz azdır. Bakı Statistika İdarəsinin hesabatına əsasən, ötən dövr sənaye məhsulunun 80,5 faiz mədənçıxarma, 17,5 faiz emal, 1,4 faiz elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faiz isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,8 faiz olunub.

Hesabata əsasən, istehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 noyabr 2019-cu il vəziyyətinə 194 mln. manatlıq hazır məhsul ehtiyatı olub: "Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 63 mln. manat məbləğində digər məhsullar da mövcud olub".