Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub

2019.01.19 18:49 (UTC+04:00)

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Zimbabve Prezidentini qarşılayan dövlətimizin başçısı onu ölkəmizdə görməyə şad olduğunu bildirib, bu səfərin qarşılıqlı tərəfdaşlığın gücləndirilməsi baxımdan yaxşı imkanlar yaradacağına əminliyini ifadə edib. Qeyd edib ki, bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, məhsuldar müzakirələr iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən ticarət münasibətlərinin genişləndirilməsi üçün yaxşı imkanlar yaradacaq.

Səmimi qəbul üçün dövlətimizin başçısına təşəkkürünü bildirən Zimbabve Prezidenti Azərbaycanda şahidi olduğu inkişaf və infrastruktur səviyyəsinin onda, o cümlədən nümayəndə heyətində güclü təəssürat yaratdığını məmnuniyyətlə qeyd edib. Qonaq iki ölkə arasında qarşılıqlı siyasi və iqtisadi münasibətlərin yeni müstəvidə və daha dinamik inkişaf edəcəyinə inandığını vurğulayıb.

Sonra dövlət başçıları birgə nahar ediblər.