Avropa İttifaqına (Aİ) üzv olan 12 ölkə "Apple", "Facebook", "Google" kimi dünyanın böyük şirkətlərinin ittifaq üzvü ölkələrində əldə etdikləri mənfəəti və ödədikləri vergiləri açıqlamaq məcburiyyəti gətirə biləcək qanunların əleyhinə çıxıb.
İrəli sürülən təklif qəbul edilərdisə, mənfəətlərini İngiltərə, Fransa, Almaniya kimi vergilərin yüksək olduğu ölkələrdən qeydiyyatdan keçdikləri vergilərin az olduğu İrlandiya, Malta, Lüksemburq kimi ölkələrə keçirən şirkətlərin vergidən necə yayınmalarının aşkara çıxacağı gözlənilirdi.
İngiltərədə nəşr edilən "Guardian" qəzetinin şərhində göstərilir ki, transmilli şirkətlərin bu yolla hər il yarım trilyon dollar az vergi ödədikləri təxmin edilir. Qəzetin şərhinə görə, İrlandiya Aİ-də qüvvədə olan vergi qanunvericiliyindən ən çox faydalanan ölkədir. Burada transmilli texnoloji şirkətlər 6,25 faiz mənfəət vergisi ödəyir, halbuki İngiltərədə həmin verginin dərəcəsi 19 faiz təşkil edir.
Qeyd edək ki, təklif edilən qanun layihəsinə qarşı çıxanlar transmilli şirkətlər üçün vergi dərəcələrinin aşağı olduğu ölkələrdir.