BVF Yaponiyanı əhalinin yaşlanması ilə bağlı tədbir görməyə çağırıb

2019.11.28 19:03 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristina Georgiyeva Yaponiyada keçirdiyi mətbuat konfransında rəhbərlik etdiyi qurumun Yaponiya iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb. Georgiyeva Yaponiya iqtisadiyyatının çevikliyinin bütün dünyada müşahidə olunan qlobal yavaşlama, dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklər və Yaponiyanın öz demoqrafik təmayülləri ilə sınaqdan keçəcəyini bildirib. Qeyd edilib ki, BVF-nin təxmininə görə, bu il Yaponiya iqtisadiyyatında real artım 0,8 faiz, gələn il isə bundan da az – 0,5 faiz olacaq.

Yaponiya hökumətinin keçən ay istehlak vergisini 8 faizdən 10 faizə qaldırdığını, ölkə əhalisinin qocaldığını və sosial təhlükəsizlik xərclərinin artdığını vurğulayan K.Georgiyeva istehlak vergisinin sosial təhlükəsizlik xərclərinin artması fonunda 2030-cu ilə qədər 15 faizə, 2050-ci ilə qədər isə 20 faizə qaldırılmasının lazım gəldiyini bildirib. Bundan başqa, BVF-nin Yaponiyanın iqtisadi gələcəyi baxımından işçilərin əmək məhsuldarlığının artırılması istiqamətində iqtisadi islahatların aparılmasını da zəruri hesab etdiyi diqqətə çatdırılıb.