On ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb

2019.11.28 15:25 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ixracı 16,8 mlrd. ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 836,5 mln. dollar və ya 5,2 faiz artıb. Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektoru üzrə 1,573 mlrd. dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 222 mln. dollar və ya 16,4 faiz artıb. Bu ilin yanvar-oktyabr ayları ərzində Rusiyaya 533,9 mln. dollar, Türkiyəyə 324,6 mln. dollar, İsveçrəyə 147,7 mln. dollar, Gürcüstana 131,5 mln. dollar və Ukraynaya 39,8 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub: "2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 10 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 10 faiz, İsveçrəyə 29 faiz, Gürcüstana 23 faiz və Ukraynaya 38 faiz artıb".

O əlavə olaraq bildirib ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (147,6 mln. dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 142,1 mln. dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (100,1 mln. dollar) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, hesabat dövründə meyvə-tərəvəz ixracı 455,5 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 161,2 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,9 mln. dollar, pambıq lifi ixracı 91,8 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 86,6 mln. dollar, elektrik enerjisinin ixracı 62,9 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 50,9 mln. dollar, pambıq ipliyi ixracı 24,5 mln. dollar, şəkər ixracı 24,2 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 21,4 mln. dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 62 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 56 faiz, pambıq lifinin ixracı 42 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ipliyinin ixracı 28 faiz, meyvə-tərəvəzin ixracı 12 faiz, şəkər ixracı 10 faiz, elektrik enerjisi 6 faiz artıb.