Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-"British Council"in birgə həyata keçirdiyi "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı" çərçivəsində "Əlilliyi olan şəxslər iş dünyasında" adlı tədbir keçirilir. Tədbirdə nazirliyin, işəgötürənlərin, o cümlədən biznes strukturlarının, digər maraqlı tərəflərin nümayəndələri, əlilliyi olan şəxslər iştirak edir. Tədbirdə "British Council"ın Azərbaycan üzrə rəhbəri Samr Şah təşkilatın həssas qruplarla bağlı layihələrini qeyd edib, əlilliyi olan şəxslərin məşğulluq imkanlarının dəstəklənməsinin diqqətdə saxlanan iş istiqamətlərindən olduğunu bildirib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BP-"British Council"in sosial əhəmiyyət kəsb edən layihələrindən bəhs edib, o cümlədən "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı"nın önəmini diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına və mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə aparılan işləri diqqətə çatdırıb, ötən ilin may ayında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun qəbul edildiyini deyib.
Nazir müavini əlillik və tibbi-sosial reabilitasiya sahəsində aparılan islahatlardan bəhs edib. O, əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması sahəsində də məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Bildirib ki, 2019–2030-cu illər üçün Məşğulluq Strategiyasında əlilliyi olan şəxslərə xüsusi məşğulluq xidmətlərinin təqdim edilməsi üçün müvafiq infrastrukturun yaradılması və peşə reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Nazirlik və BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin dayanıqlı biznes qurmaları üçün iş aparılır.
A.Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-"British Council"in birgə həyata keçirdiyi proqramın həmin şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi sahəsində əhəmiyyətindən bəhs edib.
Sonra "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması layihəsi" təqdim edilib. Qeyd olunub ki, bu layihənin əsas məqsədi əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, onların məşğulluğunun, peşə və sosial reabilitasiyasının təmin edilməsindən ibarətdir. Layihə üzrə ötən il 100 nəfər əlilliyi olan şəxsə ingilis dili, kompüter, sosial bacarıqlar və xüsusi iş sahələri üzrə təlimlər keçirilib, sonda əmək yarmarkası təşkil olunub. Bu il daha 100 nəfər əlilliyi olan şəxs layihəyə cəlb olunub.