Peşəkar futbolda olarkən 2010, 2011, 2012-ci illərdə gəlir vergisi ilə bağlı qanunları pozduğu iddiasına əsasən prokurorluq tərəfindən 3 fərqli cinayətə görə 2,5 il həbs cəzası tələb olunan Xabi Alonsoya məhkəmə bəraət verib.
Prokuror keçmiş futbolçu X.Alonsonun imic hüquqlarından əldə etdiyi gəlirlərindən vergi yayındırdığı barədə iddia irəli sürmüş və X.Alonso ilə bərabər mühakimə edilən 3 nəfərin hər birinin 4 milyon avro cərimə və vergi orqanına da 2 milyon 32 min avro ödəməsini tələb etmişdi.
İspaniyada son illərdə futbolçular vergi yayındırmaq iddiası ilə gündəmə tez-tez gəldikləri bir zamanda indiyə qədər ona qarşı irəli sürülən iddiaları, eləcə də razılaşma şərtlərini qəbul etmədən məhkəmə qarşısında dayanan təkcə Xabi Alonso olmuşdu.
Alonso məhkəmədəki ifadəsində deyib: "Heç bir şeyi əsla gizlətməmiş, hər zaman açıq və şəffaf olmuşam. Öhdəmə düşən vergiləri həmişə ödəmişəm. Etməli olmadığım bir işi etməyi heç vaxt ağlıma gətirməmişəm və gətirmirəm".
Qeyd edək ki, indiyədək İspaniyada Lionel Messi, Kristiano Ronaldo, Xavier Maçerrano, Angel Di Maria, Ceymz Rodriqez, Neymar, Cerar Pike, Fabio Koentrao, İker Kasillas, Aleksis Sançez, Luka Modric, Radamel Falkao və məşqçi Joze Mourinyo kimi futbol məşhurlarına vergi qaçaqlığına görə böyük məbləğdə pul cəzası kəsilib.