Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın maliyyə sektorundakı islahatları müsbət qiymətləndirib

2019.11.27 18:03 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı "2019-2020-ci illər üzrə keçid hesabatı"na əsasən, Azərbaycanda ölkə rəhbərliyinin iradəsi ilə həyata keçirilən islahatların müsbət nəticələri vurğulanıb, inkişafı şərtləndirən amillər qeyd edilib, gələcək dövr üçün proqnozlaşdırılan pozitiv perspektivlər əks olunub. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildirilib ki, hesabatda son illər ölkədə karbohidrogen hasilatından əldə edilən gəlirlərin iqtisadiyyatın digər sektorlarına yönəldilməsinin Azərbaycanda iqtisadi şaxələndirməni gücləndirdiyi və özəl sektorun ümumi inkişafın əsas prioritetlərdən birinə çevrildiyi qeyd edilib. Həmçinin hesabatda maliyyə sektorunda aparılmış islahatlar nəticəsində vergi yükünün azaldılması, mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi xüsusi vurğulanıb.

Son zamanlar maliyyə sektorunda həyata keçirilən islahatlar, bu islahatların nəticəsi olaraq sektordakı müşahidə olunan sabitlik və müsbət trendlər də hesabatda öz əksini tapıb. Belə ki, ölkədə kredit verilməsindəki azalmanın 2018-ci ildən dayandığı, ümumi makroiqtisadi sabitləşmə və iqtisadi artımın yenidən başlanması fonunda ilin sonundan etibarən nominal nisbətdə artmağa başladığı diqqətə çatdırılıb. Sözügedən hesabatda kreditləşmə və əmanətlərin həcmində dollarlaşmanın azalması müsbət tendensiya kimi qeyd edilib.
Eyni zamanda, ölkə başçısının 2019-cu il fevralın 28-də problemli kreditlərin həlli ilə bağlı imzaladığı Fərman, bu fərman çərçivəsində sektorun sağlamlaşdırılması baxımından atılmış addımlar və əldə olunmuş müsbət nəticələr də hesabatda geniş şərh olunub.