Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlər üçün "Məşğulluq" altsisteminin (MAS) təqdimatı keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 35 müəssisənin nümayəndələrinin iştirak etdiyi tədbirdə altsistem, ondan istifadə, MAS-dakı "Vakansiya bankı", MAS-dan istifadə qaydası barədə məlumat verilib.
Təqdimat mərasimində bildirilib ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları "Məşğulluq haqqında" Qanuna əsasən ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, "e-Xidmətlər" bölməsində "Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi" elektron xidmətini seçməlidirlər. Bundan sonra "Vakansiyalar" bölməsindəki "Yeni vakansiya" altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə "Yadda saxla" düyməsini sıxmalıdırlar.
Tədbirdə həmçinin işəgötürənlərin "Məşğulluq" altsistemi ilə bağlı sualları cavablandırılıb.