Yeniliklər sadələşdirilmiş vergi ödəyicilərinin maraqlarına uyğundur

2019.11.27 15:41 (UTC+04:00)

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı R.Fətullayev qeyd edib ki, yeniliklər sadələşdirilmiş vergi ödəyicilərini də əhatə edir: "Fərdi qaydada fəaliyyət göstərən vergi ödəyicilərindən sadələşdirilmiş vergi tutulması qaydasında da dəyişiklik edilməsi gözlənilir. Qüvvədə olan Vergi Məcəlləsinin tələbinə görə, həmin şəxslər: aparıcı, çalğıçı, rəqqas, aşıqlar, eləcə də fərdi qaydada foto, video, audio çəkiliş xidməti göstərən şəxslər ayda 30 manat sabit vergi ödəyirlər. Məbləğ bölgələr üzrə dəyişir. Bakıda bu rəqəmi 2-yə vururuq yəni 60 manat. Rayonlarda isə əmsallar daha aşağıdır. Hətta bəzi bölgələr üçün bu əmsal 0,5-dir və orada çalışanlar üçün ayda 15 manat vergi hesablanır. Artıq yeni təklif olunan dəyişikliyə əsasən, bu rəqəmin 30 manatdan 20 manata endirilməsi gözlənilir. Eyni zamanda fərdi qaydada foto, video, audio çəkiliş xidməti göstərən şəxslər üçün 15 manat olması təklif edilir. Əgər təklif qəbul edilərsə, Bakı şəhərində fəaliyyət göstərən həmin şəxslər 30 manat sabit vergi ödəyəcəklər. Regionlarda da məbləğ azalacaq. Ən ucqar yerlərdə bu 7,5 manata qədər düşəcək".

Qeyd edilib ki, müğənnilər bu siyahıya daxil deyil. Çünki onların fəaliyyəti fərdi qaydada fəaliyyət göstərən şəxslərə aid deyil. Onlar dövriyyələri 200 min manata qədər olduqda 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyirlər. Dövriyyə 200 min manatı keçdikdə isə gəlir vergisi ödəyicisi olurlar.