Sahibkarlara e-ticarətlə bağlı təlimlər keçiləcək

2019.11.27 11:41 (UTC+04:00)

"My broker" şirkəti 2019-cu ildə 500-dən artıq sahibkara ixrac prosedurları, logistika, sənədləşdirmə işləri, eləcə də gömrük rəsmiləşdirilməsi ilə bağlı təlim keçib. Şirkətin direktoru İlqar Vahabov kiçik və orta sahibkarlarla ixrac prosedurları və qaydaları ilə bağlı xüsusi təlim və seminarların keçiriləcəyini bildirib: "Sahibkarların tələbatını yerinə yetirmək üçün elektron ixracat məsələsini gündəmə gətirərək bununla bağlı araşdırmalar aparmışıq . Bu sahədə Türkiyədə yaxşı təcrübə qazanmış "Worldef" şirkəti ilə birgə Bakıda kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlərə biznesin elektron ticarət, ixracat kimi sahələri barədə xüsusi təlimlər, seminalar təşkil olunacaq. Bununla Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasına dəstək verəcəyimizi düşünürük".

İ.Vahabovun sözlərinə görə, yerli məhsulların istehsalı ilə məşğul olan kiçik və orta sahibkarlıq subyektlərinin həmin məhsulların dünyada tanıdılması, marketinqinin qurulması, beynəlxalq sertifikatların alınması, sərgilərdə iştirak etməsi kimi məsələlər barədə maarifləndirilməsinə, dövlət qurumları ilə münasibətlərin əlaqələndirilməsinə ehtiyac var: "İqtisadiyyat Nazirliyinin xətti və AzPROMO-nun dəstəyi ilə sahibkarlar xarici ölkələrdə keçirilən müxtəlif ixrac təşviqi sərgilərində iştirak edəcəklər. Sərgidə iştirak üçün şirkətlərin xərclərinin 50 faizini dövlət ödəyir".

Sahibkarların ixracla bağlı üzləşdikləri çətinliklər sırasında beynəlxalq sertifikatların alınmasının olduğunu deyən İ.Vahabov iş adamlarını "Azexport" portalının ixrac imkanlarından yararlanmağa çağırıb.

Fərqanə ALLAHVERDİQIZI