İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı Worlf E-Commerce Forumundakı çıxısında bildirib ki, dünyada elektron ticarətin həcmi 2018-ci ildə 3,53 trilyon dollar olub və bu göstərici 2022-ci ildə 6,54 trilyon dollara çatacaq. Azərbaycanda elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxın olsa da, pərakəndə ticarət dövriyyəsində payı 0,2 faizdir. Halbuki ABŞ və Avropa ölkələrində bu göstərici 10-15 faizə çatır: "İnternetin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı dünya trendinə əsasən, təqribən 7 faiz ola bilər. Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın monitorinq və qiymətləndirilməsini aparır. Proqramda elektron ticarət rəqəmsal ekosisetmin tərkib hissəsi kimi qəbul edilir. Elektron ticarət infrastrukturunun genişləndirilməsi, elektron ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi və qeyri-rezident vergi ödəyicilərinə münasibətdə vergitutma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur".
V.Qasımlı Azərbaycanda Azexport.az portalının sahibkarlar üçün "ixrac çekap"ı olduğunu vurğulayıb. Portal "amazon.com", "alibaba.com", "all.biz", "Go4worldbusiness.com" kimi dünyanı əhatə edən və geniş auditoriyaya malik olan bir çox portallara inteqrasiya edilib. V.Qasımlı deyib: "Azərbaycanın qeyri-neft ixracında getdikcə informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır. İnformasiya və rabitə xidmətləri üzrə ÜDM 2016-2019-cu illərdə 40 faizdən artıq inkişaf edib. 2019-cu ilin yanvar-sentyabr aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz çoxdur".