1990-cı ilin 20 Yanvar hadisələrindən 29 il keçir. Bu tarix Azərbaycan torpaqlarının bütövlüyü, müstəqillik və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayət olmaqla bərabər, həm də müasir dövrümüzün qəhrəmanlıq səhifələrindən biri hesab edilir.
Yanvarın 18-də Vergilər Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunmuş anım mərasimində əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən təqdim edilən proqramda milli və dünya bəstəkarlarının əsərlərindən ibarət ədəbi-bədii kompozisiya ifa olunub.