Kreditlərin ucuzlaşması üçün iqtisadi riskləri azaltmaq lazımdır

2019.11.23 11:39 (UTC+04:00)

Bankların tətbiq etdiyi kredit faizləri kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığını xeyli azaldır. Bu da həmin sektorun inkişafına ciddi maneə yaradır. İqtisadçı ekspert Samir Əliyev banklardakı yüksək faizlərin səbəblərinə aydınlıq gətirib: "Azərbaycanda sahibkarların pul resurslarına ən əlçatan mənbəyi bank kreditləridir. Ölkədə kapital bazarı zəif inkişaf etdiyindən sahibkarlar pul resursunu əsasən bank sektorundan cəlb edirlər. Ancaq devalvasiyanın bank sektorunu çətin vəziyyətə salması biznesin yeganə maliyyə mənbəyinə çıxışını da məhdudlaşdırıb. Səbəb bankların kredit şərtlərini sərtləşdirməsi, riskli kredit qoyuluşunda maraqlı olmaması, sahibkarların kredit tarixçələrinin pisləşməsidir. 2015-ci ildə özünün pik həddinə çatan - 21,7 milyard manata çatan ümumi kredit qoyuluşu 2019-cu il oktyabrın 1-nə olan məlumata görə, 13,9 milyard manata enib".

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsinin dövri olaraq gündəmə gəldiyini deyən ekspert kredit götürənlərin, o cümlədən sahibkarların daim faizlərin yuxarı olmasından şikayətləndiyini bildirib: "Kredit verən təşkilatlar isə bu fikri bölüşməsələr də, hərdən yüksək faiz fonunda qazanclarının az olduğunu önə çəkirlər və səbəbi başqa yerdə axtarmağı məsləhət görürlər. Hər bir halda kredit faizlərinin yüksək olması danılmaz faktdır. Bunu hamı etiraf etsə də, onun yaranma səbəbləri ilə bağlı fikirlər fərqlidir. Kredit götürənlər bunun səbəbini banklarda, kredit verənlər isə iqtisadiyyatın durumunda görür. Görünən odur ki, hər iki tərəf haqlıdır. Biznesin gəlirliliyi azalıb və əvvəlki illərlə müqayisədə hazırkı faizlər sahibkarlar üçün əlverişli deyil. İqtisadiyyat ucuz resurs tələb edir, ucuz resurs isə yox dərəcəsindədir".

Bəs kredit faizləri niyə yüksəkdir? Bunun səbəbkarı doğrudanmı banklardır? Suallara cavab verən S.Əliyev əsas səbəb kimi kredit vermək üçün cəlb edilən resursların bahalığını və iqtisadiyyatda risklərin yüksək olmasını qeyd edib: "Bankların cəlb etdikləri resursların baha olmasının səbəbi depozitlərin bahalığından qaynaqlanır. Çünki bankların depozitlərdən asılılığı yüksəkdir və bu asılılıq getdikcə artır. Ona görə də depozitlərin illik faiz dərəcəsi kredit faizlərinə birbaşa təsir göstərir. Bankların cəlb etdikləri vəsaitlərin üzərinə əməliyyat xərclərini də əlavə etsək kreditin maya dəyərinin ikirəqəmli həddə qalxdığını görərik".

Ekspert maliyyə resurlarının bahalığının ikinci əsas səbəbi kimi ölkə iqtisadiyyatında müəyyən risklərin olmasını göstərib. Bu da verilən kreditlərin geri qayıtma ehtimalını aşağı salır. Belə olduqda həm banklar vəsaitlərini sığortalamaq məqsədilə kredit faizlərini artırmağa məcbur olurlar, həm də onların iqtisadiyyatı kreditləşdirməyə marağı azalır: "Əgər devalvasiyadan əvvəl banklar əllərindəki vəsaitlərin 73,5 faizini (2013) kreditləşməyə yönəldirdilərsə, 2019-cu ilin ilk dörd ayında bu göstərici azalaraq 43,3 faizə düşüb. Burda mümkün zərərlərin ödənilməsi üçün 1,4 milyard manatlıq məqsədli ehtiyatı da nəzərə alsaq, məlum olar ki, bank vəsaitlərinin hər 100 manatının cəmi 38 manatı iqtisadiyyata kredit şəklində yönəldilir. Banklar riskli kreditləşmədənsə, az riskli qiymətli kağızlara yatırıma üstünlük verirlər. Təsadüfi deyil ki, hazırda bank aktivlərinin 13-14 faizi bu istiqamətə yönəldilir. Halbuki 2016-cı ildə bu göstərici 1 faiz həddində idi".

Vəziyyətdən çıxış yolu kimi S.Əliyev təkcə depozitlərin ucuzlaşması hesabına kreditin maya dəyərinin aşağı salınmasının mümkün olmayacağı qənaətindədir. Onun fikrincə, ölkə iqtisadiyyatında institusional risk səviyyəsi minimuma endirilməlidir. Məhkəmə sistemində real islahatların aparılması, girov mexanizmlərinin sadələşdirilməsi ilə yanaşı, qiymətli kağızlar bazarının inkişafı və milli iqtisadiyyatın beynəlxalq resurslara tam açıqlığı vasitəsilə kredit bazarında rəqabəti təmin etmək mümkündür. Bankların isə internet və mobil bankçılığı inkişaf etdirməsi və bank məhsullarının çeşidini artırması ilə kredit faizlərini azaltmaq mümkün olar.

Fərqanə ALLAHVERDİQIZI