Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların verilməsi ayrı-seçkilik hesab edilə bilərmi?

2019.11.22 18:35 (UTC+04:00)

Əmək Məcəlləsinin 16-cı maddəsinə görə, qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki rayonunda "Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirdiyi maarifləndirici seminarda vurğulanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə bildirilib ki, milli qanunvericilikdə qadınların əmək hüququnun həyata keçirilməsində təminatları sistemi müəyyən olunub. Əmək Məcəlləsinin 51-ci, 66-cı, 78-ci, 79-cu, 91-ci, 98-ci maddələri bu və ya digər bir formada, 117-ci maddəsi, 19-cu (125-127-ci maddələr) və 37-ci fəsilləri (240-246-cı maddələr) isə bütünlüklə qadınların əməyinin tənzimlənməsi məsələlərinə həsr edilib.

Seminarda hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, həmin kateqoriyadan olan işçilər üçün nəzərdə tutulan əlavə təminatlar barədə də məlumat verilib. Xidmət sahələrində qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə görülən işlər və qarşıda duran vəzifələr də müzakirə olunub.

Tədbirdə nazirliyinin "Məşğulluq" altsisteminin işəgötürənlər və işçilər üçün əhəmiyyəti, sistemin üstünlükləri barədə də geniş məlumat verilib.