"Bir Pəncərə" ilə 270 milyon dollardan artıq qeyri-neft məhsulu ixrac olunub

2019.11.22 16:36 (UTC+04:00)

Ölkəmizdə qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsini təmin etmək istiqamətində görülən işlərdən biri də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin yaradılmasıdır. Mərkəz ixracla məşğul olan sahibkarların işini asanlaşdırır. İcazə və sertifikatların verilməsində zamanın azaldılması, daha az maddi məsrəf edilməsinə təsir göstərir, biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən, müqavilələrin elektron formada tərtibi və imzalanmasını, real vaxt rejimində transsərhəd elektron xidmətlərinin həyata keçirilməsini reallaşdırır. Beynəlxalq təcrübəyə əsasən, sahibkarlıq fəaliyyətinə təsir edən parametrlərdən biri zaman və pul məsrəfidir. Dünya Bankının "Doing Business" hesabatında "Sərhəddə ticarət" indikatoruna nəzər salsaq, görərik ki, sözügedən indikatorun qiymətləndirilməsi sərf edilən vaxt və xərclənən pulun miqdarına görə dəyişir. Yəni, sahibkar ixrac-idxal əməliyyatlarına nə qədər zaman və maddiyyat sərf edərsə bu həmin ölkənin hesabatdakı mövqeyinə təsir göstərəcəkdir. Beynəlxalq indeksin təcrübəsinə dayanaraq prosedurların azaldılması istiqamətində ölkəmizdə "Bir Pəncərə" sistemi tətbiq edilir. "Bir Pəncərə" sisteminin əsas mahiyyət və fəlsəfəsi dövlət-özəl münasibətlərində çevikliyin, intensivliyin və şəffaflığın təmin edilməsidir. Bu baxımdan, intensiv və çeviklik yalnız daha az vaxt sərf etməklə sahibkarın işinə dəstək verməkdir. Sahibkarın düzgün maddi xərcləmələrini tənzimləmək və onun gələcək fəaliyyətini stimullaşdırmaqdır.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində altı dövlət qurumunun xidməti fəaliyyət göstərir:

İxracatçı sahibkarlar tələb olunan bütün bu sertifikatları vahid "Bir Pəncərə" Mərkəzindən daha tez, səmərəli və effektiv şəkildə, əlavə yol və vaxt resursu sərf etmədən əldə edə bilir. Mərkəz sahibkarlara oflayn rejimlə (yəni fiziki olaraq) yanaşı, onlayn formada da xidmət göstərir. Belə ki, Rəqəmsal Ticarət Qovşağının rəsmi saytına (dth.az) daxil olmaqla sahibkar elektron formada öz müraciətini ünvanlaya bilər. Onlayn müraciət zamanı sahibkar vahid ixrac ərizəsinin üstünlüyündən yararlanaraq, artıq zaman sərf etmədən müraciəti müvafiq səlahiyyət sahibi orqanlara ünvanlayacaq. Bundan əlavə, sözügedən saytda elektron formada gömrük bəyannaməsini də doldurmaq mümkündür. Beləliklə, sahibkarlar daha az resurs sərf etməklə bir pəncərə əsasında e-İxracın imkanlarından yararlana bilər.

"Bir pəncərə" İxraca Dəstək Mərkəzinə daxil olan sifarişlərin ixrac prosedurunda Azexport.az portalı da sahibkarlara dəstək olur. Belə ki, sahibkar ixrac etdiyi məhsula müvafiq sertifikatı aldıqdan sonra məhsulunu Azexport portalı vasitəsilə dünya bazarına çıxara bilər. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi, Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı ilə birgə ekosistem yaradaraq ixracatın təşviqinə xidmət göstərir.

Fəaliyyətə başladığı dövrdən etibarən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə dünyanın müxtəlif ölkələrinə 270 milyon ABŞ dollarından artıq qeyri-neft məhsulu ixrac olunub. İxrac olunan məhsulların əsas hissəsini tikinti-sənaye məhsulları (polad borular, polad armatur yayması), qiymətli metallar (qurğuşun, gümüş külçələr), kənd təsərrüfatı məhsulları (meyvə şirələri, pomidor, çuğundur, biyan kökü, tütün, pendir) təşkil edir. İxrac olunan məhsulların coğrafiyasında isə İsveçrə, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan digər ölkələrdən fərqlənir (Qrafik 1). 2019-cu ilin 10 ayı ərzində Mərkəzə ən çox müraciət edərək sertifikat əldə edən şirkətlər arasında "AzərGold", "Baku Steel Company", "Food Export Şəmkir", "Atena" MMC, "Azərtütün" MMC, Aznar öz ixracı ilə üstünlük təşkil edib.

Nərmin RƏHİMLİ
İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin mütəxəssisi