Maksim Oreşkin: Azərbaycan ayrı-ayrı məhsulların ixracına görə Rusiya bazarında liderdir

2019.11.22 14:30 (UTC+04:00)

Azərbaycan ayrı-ayrı məhsulların ixracına görə Rusiya bazarında lider mövqedədir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışında bildirib. Regionlararası forumda Rusiyanın 30 regionundan nümayəndələrin iştirak etdiyini bildirin nazirin fikrincə, bu, Azərbaycan iqtisadiyyatının Rusiyada mövqeyinin möhkəmləndirilməsi üçün böyük perspektivlərə malik olmasından xəbər verir.

M.Oreşkin Rusiyada iki ölkə rəhbərliyi, eləcə də idarə və müəssisələr, regionlar arasında ənənəvi dostluq əlaqələrinin yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib ki, cari ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 26 faiz artıb. Bundan əlavə, pul köçürmələri, turizm və digər sahələrdə də əməkdaşlıq genişlənib. Rusiya rəsmisinin fikrincə, bu, həm də regionlar arasında əməkdaşlığın genişlənməsi sayəsində mümkün olub.

O, ikitərəfli əlaqələrin inkişafında Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin şəxsi mehriban dostluq münasibətlərinin əhəmiyyətini qeyd edib. Dekabrda Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçiriləcəyini, bir sıra mühüm sənədlərin imzalanacağını deyən nazir hazırda həyata keçirilən bir sıra layihələrin, o cümlədən "SOCAR Polymer" zavodu, "Həyat Farm" birgə müəssisəsi, Azərbaycanda açılacaq Həştərxan işgüzar mərkəzi və Həştərxanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Biznes Mərkəzi, Bakı-Quba-Rusiya dördzolaqlı yolu və digər layihələrin ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini də vurğulayıb.