164 min yeni iş yerinin 24 faizi özəl sektorda açılıb

2019.11.22 10:54 (UTC+04:00)

2019-cu il oktyabrın 1-dək Azərbaycanda 164,4 min yeni iş yeri açılıb və bunların 24,1 faizi qeyri-dövlət sektoruna aid olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yeni iş yerlərinin 55 faizi Bakı şəhərinin, 1,8 faizi Naxçıvan Muxtar Respublikasının, 43,2 faizi digər regionların payına düşüb. İşlə təmin olunanların 14,6 faizi Aran iqtisadi zonasında, 7,3 faizi Gəncə-Qazax, 6,4 faizi Lənkəran, 3,9 faizi Abşeron, 3,7 faizi Şəki-Zaqatala, 2,6 faizi Dağlıq Şirvan, 2,5 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunda qeydə alınıb.

Yeni iş yerlərinin 32 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 22,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb, 44,7 faizi isə digər tədbirlərə aiddir.

Hüquqi şəxslər tərəfindən yaradılan iş yerlərinin 51 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 12 faizi tikinti, 8,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi isə emal sənayesində açılıb. İş yerlərinin 3,4 faizi dövlət idarəetməsi və müdafiə, eləcə də sosial təminat sahələrini, 3,1 faizi kənd təsərrüfatını, meşə təsərrüfatı və balıqçılığı, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunu, 2,2 faizi peşə, elmi və texniki fəaliyyəti, 1,7 faizi nəqliyyat və anbar təsərrüfatını, 9,8 faizi isə digər iqtisadi fəaliyyət növlərini əhatə edir.