Sentyabr ayında Azərbaycanda ümumi daxili məhsul 3 faiz artıb

2019.11.21 17:50 (UTC+04:00)

Bu ilin sentyabr ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) ötən ilin sentyabr ayına nisbətən 3 faiz artıb. Dünya Bankı ölkədə 9 aylıq ÜDM-in isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artdığını bəyan edib: "9 ay ərzində qeyri-neft-qaz sektoru 3,5 faiz, neft-qaz sektoru isə 1,1 faiz böyüyüb. Kənd təsərrüfatı sektorunda isə proqressiv inkişaf hiss olunub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu sektor 7,1 faiz artıb. Həmçinin sentyabrda real əməkhaqqının artması ilə istehlak sektoru 6,5 faiz böyüyüb. Bu, özünü xüsusilə də dövlət sektorunda və əmək bazarında büruzə verib".

Bundan başqa, qurumun hesabatında deyilir ki, sentyabrda Azərbaycanda ərzaq məhsulları illik müqayisədə 5 faiz bahalaşıb. Ümumi inflyasiya isə Dövlət Statistika Komitəsinin açıqladığı kimi 2,6 faiz olub. İlin sonuna qədər bu rəqəm Azərbaycan Mərkəzi Bankının hədəflərinə uyğun olaraq 4±2 faiz civarında olacaq.