Özəlləşdirmə üzrə proqnoz 110 faiz yerinə yetirilib

2019.11.21 12:19 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, 2019-cu il noyabrın 20-dək dövlət əmlaklarının özəlləşdirilməsi üzrə daxilolmalar 110 faiz icra olunub. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə proqnoz 80 milyon manat olsa da, artıq bu xətt üzrə dövlət büdcəsinə 87,6 milyon manat vəsait daxil olub. Özəlləşdirmədə innovasiyaların tətbiqi, prosedurların daha da sadələşdirilməsi və elektron üsullarla təqdim olunması birbaşa səmərəliliyin və məmnunluğun artırılmasına istiqamətlənib.

Özəlləşdirmə hərraclarına qoşulmaq üçün sifarişlərin elektron formada verilməsi, o cümlədən elektron hərrac sistemi ilə istənilən şəxsin prosesdə onlayn iştirakı şəffaflığı təmin edir, optimallığı və statistik göstəriciləri artırır. Qeyd edək ki, 2019-cu il ərzində ümumilikdə 125 hərrac keçirilib. Hərrac iştirakçıları tərəfindən 122 sifariş onlayn formada verilib.
İlin əvvəlindən investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə sahəsində dörd səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqələri elan edilib və həmin dövlət əmlakları özəlləşdirilib.