Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz və ya 264 min nəfər artaraq, təqribən, 2,7 milyon nəfərə çatıb. Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir. Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycanı ziyarət edən qonaqların 51,9 faizini təşkil edir.
Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47,9 faiz və 37,8 faiz artım müşahidə edilib. 2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib ki, bu da 52 min nəfər və ya 24,7 faiz artım deməkdir.
Ən yüksək artım 74,3 faizlə İran və 65,1 faizlə Orta Asiya ölkələri arasında qeydə alınıb. Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9,6 min nəfər və yaxud 18% artım) və Rusiyadan (9,2 min nəfər və ya 14% artım) gələnlər arasında müşahidə edilib.