Noyabrın 21-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) "Qlobal Sahibkarlıq Həftəsi" çərçivəsində "Dayanıqlı inkişaf məqsədləri (DİM) və biznes mühiti" mövzusunda konfrans keçirir. Konfransda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə ASK tərəfindən sahibkarlar arasında sahibkarlığın və iqtisadi inkişafın müxtəlif parametrləri üzrə biznes mühiti müzakirə edilir. Bildirilib ki, hər il bütün dünyada noyabrın üçüncü həftəsi "Qlobal Sahibkarlıq Həftəsi" kimi qeyd olunur.
Konfransda sahibkarlığın və iqtisadi inkişafın müxtəlif parametrləri üzrə keçirilmiş sorğunun nəticələri ictimaiyyətə təqdim olunub. Sorğuda Bakı və rayonlarında fəaliyyət göstərən 500 şirkət iştirak edib. Ölkədə keçirilən islahatları dəstəkləyən iştirakçılar qanunvericilik bazasının və dəstək mexanizmlərinin tətbiqi ilə bağlı əlavə məlumatlara ehtiyac duyduqlarını bildiriblər. Ümumiyyətlə, sahibkarlar gələcəyə böyük ümidlə baxdıqlarını, bizneslərini böyüdəcəklərini qeyd ediblər.
Müzakirələrdə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK-ın digər sosial tərəfdaşlarının nümayəndələri iştirak edir.