Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 10 minə yaxınlaşır

2019.11.20 16:47 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9.310-a çatıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 7.072-si artıq təlim kursunu uğurla başa vurub. Təlimlərin yekununda 5.512 nəfər işsiz və işaxtarana isə biznes planlarına uyğun mal və materiallar verilib. Həmin şəxslər verilmiş aktivlər hesabına artıq öz kiçik ailə təsərrüfatlarını yaradıblar. Proqrama cəlb olunanların əksəriyyətini əlilliyi olan şəxslər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardımı alan və ya çoxuşaqlı ailələrin üzvləri, gənclər və müharibə veteranları təşkil edir.

Bu ilin axırınadək özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10 minə çatacağı gözlənilir.