Özbəkistan Prezidenti Şevket Mirziyoyev ölkənin şərqindəki Əndican vilayətində dərman sektorunun inkişaf etdirilməsini nəzərdə tutan "Əndican farm" sərbəst iqtisadi zonasının yaradılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, sərbəst iqtisadi zonada əlavə dəyəri yüksək olan dərman, tibbi material və avadanlıqlar istehsal edən ixtisaslaşdırılmış zavodların inşa edilməsi və bu layihə çərçivəsində aralarında Hindistanın dərman istehsalı üzrə qabaqcıl şirkətlərinin də olduğu xarici şirkətlərin birbaşa sərmayələrinin və qabaqcıl texnologiyalarının ölkəyə gətirilməsi gözlənilir.
Sərəncamda qeyd edilib ki, yaradılması nəzərdə tutulan zonada dərmanları, tibb materialları və avadanlıqları istehsal etmək üçün inşa ediləcək müəssisələrə 10 ilə qədər müddət ərzində vergi və gömrük rüsumları ilə bağlı güzəştlər tətbiq olunacaq. Sərbəst iqtisadi zonanın fəaliyyət müddəti ilkin mərhələ üçün 30 il müəyyənləşdirilsə də, gələcəkdə bu müddət uzadıla bilər.
Sərəncama əsasən, 3 milyon dollara qədər sərmayə qoyacaq şirkətlər 3 il, beş milyon dollara qədər sərmayə qoyacaq şirkətlər 5 il, 10 milyon dollardan artıq sərmayə qoyacaq şirkətlər isə 10 il ərzində bütün vergi və gömrük ödənişlərindən azad ediləcək. Sərbəst iqtisadi zonada yaradılacaq müəssisələr idxal edəcəkləri xammal, material və ehtiyat hissələri üçün gömrük rüsumları ödəməyəcəklər. Bu zonalarda fəaliyyət göstərəcək müəssisələr ikinci beşillik müddətində gəlir vergisinin 50 faizini ödəyəcəklər.
Hazırda Özbəkistan Respublikasının Nəvai, Anqren, Cizzax, Xarəzm, Buxara, Səmərqənd, Daşkənd, Sırdərya, Fərqanə və Namanqan bölgələrində xüsusi vergi və gömrük rejiminin qüvvədə olduğu 20-dək sərbəst iqtisadi zona fəaliyyət göstərir.