Tədbirin sonunda Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov mətbuata açıqlamasında qeyd edib ki, "kölgə iqtisadiyyatı"nın azaldılması üçün əsas metodlardan biri inzibati, digəri isə institusional, yəni islahatlar metodudur: "Bununla bağlı artıq Vergi Məcəlləsində müvafiq dəyişikliklər aparılıb. Vergi ödəyiciləri üçün kifayət qədər vergi güzəştləri, azadolmalar və bəzi sahələrdə vergi dərəcələrinin aşağı salınması müəyyən edilib. Yəni islahatlar yolu ilə vergi ödəyicilərini "kölgə iqtisadiyyatı"ndan uzaqlaşmaları üçün stimullaşdırmağa çalışırıq. Bundan əlavə, vergi qanunvericiliyinə dəyişikliklərdə müəyyən inzibati tədbirlər də nəzərdə tutulub. "Kölgə iqtisadiyyatı" bir xəstəlikdir, əməliyyatların nağd formada aparılması, uçotdan yayındırılması deməkdir".
N.Şirinov bildirib ki, sənədləşmə zamanı, yəni mallar, xidmətlər və işlər təqdim edilərkən qaimə-fakturaların təqdim olunmaması dövriyyələrin yayındırılmasına səbəb olur: "Belə olan halda, sahibkarlar öz dövriyyələrini yayındırmaqla yanaşı, xidmət göstərdikləri tərəfləri də buna cəlb edərək zəncirvari sənədsiz mal dövriyyəsinə rəvac verirlər".
Diqqəti qeyri-rəsmi məşğulluqla mübarizə tədbirlərinə yönəldən N.Şirinov deyib ki, ölkənin müxtəlif regionlarında yeni iş yerlərinin yaradılmasına baxmayaraq, uzun müddətdir qeyri-neft sektorunun özəl bölməsində iş yerlərinin sayının artırılmasında müəyyən çətinliklər yaşanır. Aparılan monitorinqlərə və təhlillərə əsasən, bu sektorda sahibkarlar və işəgötürənlər vergi və sosial sığorta haqlarının ümumi yükünün yüksək olmasından daha çox şikayətlənirdilər: "Sahibkarlar bildirirdilər ki, vergi və sosial sığorta yükü çox olduğundan iş yerlərini rəsmiləşdirməkdə çətinlik çəkirlər. Hökumət həmin sahibkarlara tərəf addım atdı: 7 il müddətində qeyri-neft sektorunun özəl bölməsində 8.000 manatadək əməkhaqqı alan muzdlu işçilər gəlir vergisindən azad edildi".
İstər məşğulluq sahəsində, istərsə də sənədlərin
təqdim edilməməsi ilə bağlı vergilərdən yayınmaqla üstünlük əldə etmək
sonda ciddi inzibati məsuliyyətə gətirib çıxara bilər
Bildirilib ki, sahibkarlara verilən bu güzəştlərin arxasında böyük məbləğlər dayanır. Dövlət 7 il ərzində gəlir vergisindən əldə ediləcək daxilolmaların təxminən 1/3-ni hər il sahibkarlara güzəştə gedəcək: "Bu metodlarla iş yerlərinin "kölgədən" çıxarılmasına nail olmağa çalışırıq. Amma güzəştlərin tətbiqi zamanı sui-istifadə hallarına yol verilməməlidir, çünki istər məşğulluq sahəsində, istərsə də sənədlərin təqdim edilməməsi ilə bağlı vergilərdən yayınmaqla üstünlük əldə etmək sonda ciddi inzibati məsuliyyətə gətirib çıxara bilər. Ona görə də Vergilər Nazirliyi bir daha bütün vergi ödəyicilərinə, sahibkarlara və işəgötürənlərə səslənir ki, həm sənədləşmələrdə qaimə-fakturaların təqdim olunmasını, həm də iş yerlərinin rəsmiləşdirilməsi və əmək haqlarının düzgün göstərilməsini təmin etsinlər. Əks halda, qanunu pozan sahibkarları ciddi cərimələr gözləyir".
Natiq Şirinov qeyd edib ki, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması üçün Vergilər Nazirliyi tərəfindən müxtəlif vergi ödəyiciləri və klasterlər üzrə ciddi təhlillər aparılacaq: "Bugünkü görüşümüz yalnız istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlarladır. Yaxın vaxtlarda digər sektorlarda çalışan vergi ödəyiciləri ilə də görüşlər keçiriləcək, həm qanunvericiliyin tələbləri, sahibkarların dövlət orqanları qarşısındakı məsuliyyəti, eləcə də iş yerlərinin rəsmiləşdirilməsində vətəndaş məsuliyyəti onların diqqətinə çatdırılacaq".
Elxan SALAHOV