Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Nizami rayonunda "Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları" mövzusunda keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbir Xidmətin təsdiq edilmiş iş planına uyğun olaraq və əmək qanunvericiliyi, onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə təşkil olunub.
İşəgötürən və işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə iştirakçılara məlumat verilib. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirildiyi və həmin müqavilələrin işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı bildirilib. Qeyd olunub ki, bu münasibətlər qanunvericiliyə uyğun yaradılmadan şəxslərin işləri yerinə yetirməsinə cəlb edilməsi onların gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı yaradır. Belə halların vergi və sosial sığorta daxilolmalarına da ciddi ziyan vurur.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.