Dövlət büdcəsinin gəlirlərinin artacağı proqnozlaşdırılır

2019.11.18 16:07 (UTC+04:00)

Millət vəkili Azər Badamov bildirib ki, builki büdcəmiz müstəqillik illəri ərzində manatla ifadədə ən iri tutumlu layihədir: "Bu il dövlət büdcəsinin gəlirləri, yəni icmal büdcə çox yüksəkdir. Ümumiyyətlə, gələn ilin dövlət büdcəsinin gəlirlər və xərclər hissəsi bu günün reallıqlarına uyğun hesablanıb. Düşünürəm ki, 2020-ci ildə ölkəmizdə sosial-iqtisadi siyasətin həyata keçirilməsində büdcə xüsusi rol oynayacaq və bu sahədə heç bir problem gözlənilmir".

Büdcə gəlirlərinin daha səmərəli olması və çoxaldılması istiqamətində müxtəlif təkliflər səsləndirilib. A.Badamov bunun yeni sənaye müəssisələrinin yaradılması, regionlarda və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində müəyyən addımların atılması, sahibkarlığın inkişaf etdirilməsi sahəsində işlərin sürətlə həyata keçirilməsi və dövlət dəstəyinin daha da genişləndirilməsi baxımından vacib olduğunu vurğulayıb: "Dövlət büdcəsinin böyük hissəsi neft sektoru üzərində formalaşsa da, ümumi maraq qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Gələcək dövrlər üçün neft sektorundan büdcəyə transferlərin azaldılacağı proqnozlaşdırılır. Təbii ki, bu proses özəl sektorun sayəsində mümkün olacaqdır".

Millət vəkili qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsində ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) 83 milyard manatı keçəcəyi gözlənilir ki, bu da cari illə müqayisədə 3 faiz çoxdur: "Qeyri-neft sektoru üzrə ÜDM 54,6 milyard manat təşkil edəcəkdir ki, bu da 3,8 faiz qeyri-neft sektorunun daha da çox olması deməkdir.

2020-ci ildə dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Ölkə üzrə 4,6 faizə qədər inflyasiya proqnozlaşdırılır. Bununla paralel olaraq əhalinin pul gəlirlərinin 8,8 faiz, əhalinin xərclərinin isə 7,9 faiz, orta aylıq əməkhaqqının da 15 faizdən çox artacağı proqnozlaşdırılır".

A.Badamov bildirib ki, ölkədə fiskal və monitar siyasət düzgün həyata keçirilir və pul kütləsinin artması, pul-kredit siyasətinin düzgün yeridilməsi sayəsində, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, manatın arxasında məhsulun dayanması, ixrac patensialının artması hansısa bir şokun yaşanmayacağına zəmanət verir: "Azərbaycan Respublikasının gələn il üçün dövlət büdcəsi 24 milyard 134, 5 milyon manat nəzərdə tutulur. Bunun böyük hissəsi (11 milyard 350 milyon manat) neft fondundan transfertlərə hesablanıb. Qalan hissə həm vergi, həm də gömrük sahəsindən gələn gəlirlər hesabına formalaşacaqdır. Vergi sahəsindən gələn gəlirlərin 7 faizdən çox artacağı proqnozlaşdırılır. Bu ilin 9 ayının iqtisadi artımına nəzər saldıqda görürük ki, vergi və gömrük sahəsindən ölkəmizin dövlət büdcəsinə proqnozdan əlavə 700 milyon artıq vəsait daxil olub. Təbii ki, buna ölkədə aparılan struktur dəyişiklikləri, kadr islahatları, iqtisadiyyatın şəffaflaşması, korrupsiyanın azaldılması istiqamətində görülən tədbirlər sayəsində nail olunub. "Kölgə iqtisadiyyatı"nın azaldılması və rəsmiləşdirmələr də burda böyük rol oynayır".

Fəxriyyə İKRAMQIZI