Mərkəzi Bankın yaydığı məlumata görə, Ədliyyə və Təhsil nazirlikləri, eləcə də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə ödənişlər mərkəzləşdirilmiş qaydada yaradılmış infrastruktur vasitəsilə qəbul edilir. Yanvarın 15-dən həmin təşkilatlar və onların tabeli qurumları tərəfindən təqdim edilən 26 xidmət "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunub. Həmin xidmətlər üzrə ödənişlər 30 bankın və "Azərpoçt" MMC-nin 2.500-dən çox filial və şöbələrində, 1.000-ə yaxın ödəniş terminalında nağd formada, eləcə də portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparılır.
Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün Ədliyyə Nazirliyi üzrə şəxsiyyət vəsiqəsi rekvizitlərindən, Qida Təhlükəsizliyi Agentliyi üzrə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən, VÖEN-dən və ya qurum tərəfindən təqdim edilən sənəd nömrəsindən, Təhsil Nazirliyi üzrə bu qurum tərəfindən verilmiş ödəyici kodundan, məktəbdənkənar təhsil müəssisələri üzrə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən istifadə olunmalıdır.
Elxan SALAHOV