Azərbaycanın meyvə-tərəvəz ixracından gəliri 12 faizdən çox artıb

2019.11.15 17:50 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 455,515 milyon ABŞ dolları dəyərində 467,292 min ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 50,018 milyon dollar (12,3%) və 24,096 min ton (5,4%) çoxdur. Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,7 faizini təşkil edib.

Belə ki, bu ilin 10 ayında Azərbaycan xarici ölkələrə 139,576 min ton tomat ixrac edib. İxrac edilən tomatın ümumi dəyəri 147,606 milyon dollar təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 0,9 faizini təşkil edib. Ötən 10 ay ərzində Azərbaycan 18,545 min ton meşə fındığı da ixrac edib. Bu növ məhsulun ixracından əldə edilən gəlir isə 101,221 min dollar olub. Meşə fındığı ixracı ölkəmizin ümumi ixracının 0,6 faizini təşkil edib. Həmçinin ötən 10 ay ərzində Azərbaycan alma ixracından 28,798 milyon dollar gəlir əldə edib. Azərbaycan almasının ixracın həcmi isə 70,155 min ton olub ki, bu da ümumi ixracda 0,2 faiz pay deməkdir.

Bundan başqa, bu il ərzində Azərbaycan 66,662 min ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 47,577 milyon dollar vəsait əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,3 faiz paya malik olub.