Əli Məsimli: "Dəyişikliklər şəffaflığın artırılmasına hesablanıb"

2019.11.15 15:57 (UTC+04:00)

Millət vəkili Əli Məsimli "vergiler.az"a açıqlamasında "Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin 164 dəyişiklikdən ibarət olduğunu, bunların içərisində bir neçəsinın daha çox diqqət çəkdiyini bildirib: "Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu) nəzərdə tutulur. Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı məsələlər də layihədə xüsusi yer tutur. Bu dəyişikliklər dövlət büdcəsinin dayanaqlı artımının təmin edilməsinə, vergitutma bazasının genişləndirilməsinə və şəffaflığın artırılmasına hesablanıb".

Bununla yanaşı, Ə.Məsimli yeni Vergi Məcəlləsinin hazırlanmasını və əlavə dəyər vergisinin differensiallaşdırılmasını zəruri hesab etdiyini bildirib. Onun fikrincə, bu təkliflərin reallaşdırılması sabit Vergi Məcəlləsinin ərsəyə gəlməsi baxımından ölkəyə sərmayə qoymaq istəyən sərmayəçilər üçün risk dərəcəsini azaldar. ƏDV-nin differrensiallaşdırılması isə iqtisadi fəallığın artmasına ciddi təsir edə bilər.