Asiya İnkişaf Bankı (AİB) Azərbaycana azad ticarət zonalarının artırılmasını tövsiyə edib. "APA-Economics"in AİB-in dərc etdiyi "CAREC Corridor Performance Measurement and Monitoring" adlı illik hesabatına istinadən verdiyi məlumata görə, CAREC nəqliyyat dəhlizinin fəaliyyətinin ölçülməsi və monitorinqi çərçivəsində toplanan məlumat onu göstərib ki, Azərbaycan 2018-ci ildə Qara dəniz limanlarından Qazaxıstana tranzit daşımaları həyata keçirib və yük avtomobilləri əsasən Tsiteli Xidi – "Qırmızı Körpü" ərazisindən keçib. 2018-ci ildə uzun növbə səbəbindən "Qırmızı Körpü" sərhəd məntəqəsindən keçidin ortalama vaxtı 10 saat təşkil edib, əks istiqamətdə isə bu vaxt 3,2 saata bərabər olub.
Bakı dəniz limanı Orta Asiyaya və əks istiqamətdə yük daşınmalarında vacib keçid nöqtəsi olub. Lakin 2018-ci ildə Bakı limanında ortalama gediş vaxtı 68,7 saat, daxilolma vaxtı isə 12,4 saat təşkil edib.
Üstəlik bərə keçidlərinin məhdudluğu və əlverişsiz hava şəraiti 2018-ci ildə Xəzər dənizini keçmək üçün tələb olunan vaxtı proqnozlaşdırmaq üçün çətinlik yaradıb. Azad ticarət zonalarına dair tövsiyələrlə yanaşı AİB Bakı limanını prioritet olaraq genişləndirməyi və Xəzər dənizinə digər daşınmaların cəlb etməyi məsləhət görüb.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir.
CAREC-ə üzv olan ölkələr sırasında Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan yer alır.