"Vergi sistemində çox ciddi islahatlar həyata keçirilib və bu öz bəhrəsini verməkdədir". Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. Millət vəkili Vergi Məcəlləsində əqdlərlə bağlı dəyişikliyi müsbət qiymətləndirib: "Bu hər zaman mübahisə obyekti olub. Doğrudan da yalan əqdlər bağlamaqla, heç bir əmtəə, mal, xidmət olmadan kağız vasitəsilə müəyyən vəsaiti silmək, əlavə dəyər vergisini (ƏDV) gizlətmək adi hallara çevrilib. Bunun qarşısını almaq üçün Vergilər Nazirliyinin təqdim etdiyi məsələ çox vacibdir və qəbul olunmalıdır".
O bildirib ki, dövlət büdcəsinin təxminən 4 milyard manatdan çox vəsaiti ƏDV-dən daxil olur. ƏDV-də inzibatçılığın təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məsələ də Vergi Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.