"Azərbaycanda vergi islahatlarının həyata keçirilməsində və inzibatçılıqda xüsusi diqqət yetirdiyimiz məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu ilin 10 ayında ölkə üzrə vergi ödəyicilərinin sayı 10,1 faiz və yaxud 44.608 vahid artıb: "O cümlədən, Əlavə Dəyər Vergisi ödəyicilərinin sayında 32,9 faiz və yaxud 5.941 vahid, obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir".
Nazir bildirib ki, ilin əvvəlindən ölkədə pul kütləsi də artıb: "Bununla belə, nağdlaşdırılan vəsait də 4,2 faiz artıb. Bu, vergilərin hesablanması ilə ödənilməsi arasındakı müddətdən irəli gələ bilər, əslində isə həmin məbləğ azalıb".