Çin və ABŞ arasında ticarətin həcmi son on ayda 14,9 faiz azalıb

2019.11.14 13:38 (UTC+04:00)

ABŞ Prezidenti Donlad Trampın tətbiq etdiyi əlavə vergilər öz ölkəsi ilə dünyanın böyük iqtisadi gücləri arasında gərginliklərlə müşayiət olunur. Təsadüfi deyil ki, bu ilin on ayı ərzində Çin və ABŞ arasında ticarət dövriyyəsi 14,9 faiz azalaraq 447,83 milyard dollar təşkil edib.

Çin Xalq Respublikasının Baş gömrük idarəsinin məruzəsinə əsasən, hesabat dövrü ərzində Çindən ABŞ-a ixracatın həcmi 11,3 faiz aşağı düşərək 347,787 milyard dollara, ABŞ-dan Çinə idxalatın həcmi isə 25,4 faiz azalaraq 100,043 milyard dollara bərabər olub. Oktyabr ayında iki ölkə arasında ticarət dövriyyəsi 45,166 milyard dollar təşkil edib.

2018-ci ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi 8,5 faiz artaraq 633,52 milyard dollara çatmışdı.