Gələn il təqribən 360-370 min insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması proqnozlaşdırılır

2019.11.14 14:12 (UTC+04:00)

Bakıda yeni Dost Mərkəzləri istifadəyə veriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, tezliklə 2 və 3 saylı Dost Mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır: "2 saylı Dost Mərkəzi Xəzər və Pirallahı rayonlarını, 3 saylı Dost Mərkəzi isə Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edəcək". Nazir bildirib ki, gələn il 85 min ailənin, yəni təqribən 360-370 min insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması proqnozlaşdırılır.

S.Babayev qeyd edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində də artım gözlənilir: "Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur".