KOB subyektlərinin maliyyə bazarlarına çıxışının şəffaflığı və əlçatanlığı təmin edilməlidir

2019.11.14 11:18 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agenliyi (KOBİA) ölkəmizdə fəaliyyət göstərən maliyyə qurumları ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır. Bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov noyabrın 14-də Bakıda keçirilən "Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən forumda deyib.

O qeyd edib ki, agentliyin əsas mandatlarından biri KOB-ların maliyyə resurlarına çıxışını əlçatan etmək, eləcə də sahibkarlar tərəfindən təklif olunan investisiya layihələrini maliyyə qurumları ilə əlaqələndirməkdən ibarətdir: "KOBİA-ya daxil olmuş sahibkar müraciətlərinin təhlili onu deməyə əsas verir ki, hazırda KOB-ların əsas çətinliklərindən biri maliyyə resurslarına çıxışın məhdud olması ilə bağlıdır. Hesab edirik ki, bu çətinlikləri yaradan səbəbləri təkcə sahibkarlardan öyrənmək və məsələyə birtərəfli qaydada baxmaq düzgün olmaz. Agentlik ölkəmizdə fəaliyyət göstərən maliyyə qurumları ilə sıx əməkdaşlıq etməkdə və onların bu məsələdə mövqeyini, o cümlədən təhlil və təkliflərini öyrənməkdə maraqlıdır. KOBİA ilə banklar arasında əməkdaşlığın daha sıx həyata keçirilməsi fikrimizcə inkişaf hədəflərinin reallaşmasına öz töhvəsini verəcək. Bu əməkdaşlıq, sahibkarlara maliyyə dəstəyini digər çoxsaylı dəstək tədbirləri ilə əlaqəli şəkildə həyata keçirilməsinə şərait yaratmaqla səmərəliliyi yüksəltməyə imkan verəcək".