Xarici ticarət balansında müsbət saldo əldə edilib

2019.11.13 18:07 (UTC+04:00)

Mərkəzi Bankın açıqladığı pul siyasəti icmalında bildirilib ki, 2019-cu ilin ilk 9 ayında illik inflyasiya 2,5 faiz təşkil edib. Bu da hədəf diapozonunun ((4+2%) mərkəzindən aşağıdadır. Məcmu tələbin genişlənməsi və bir sıra qeyri-monetar amillərin qiymətlərə artırıcı təsirinə baxmayaraq ikitərəfli və nominal effektiv məzənnənin dinamikası, həmçinin monetar şərait aşağı inflyasiyanı şərtləndirib.

Azərbaycandakı inflyasiya ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli dərəcədə aşağı olmaqla manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərib. Mərkəzi Bank özünün pul-məzənnə siyasətini bu ilin 9 ayında əlverişli beynəlxalq konyunktur, profisitli tədiyə balansı və strateji valyuta ehtiyatlarının artması şəraitində həyata keçirib. Nəticədə xarici ticarət balansında müsbət saldo əldə edilib. İxracın artımı monetar qızıl çıxılmaqla qeyri-neft idxalının artım tempini üstələyib.

Doqquz ay ərzində Mərkəzi Bank iqtisadiyyatın pula tələbini nəzərə almaqla sterilizasiya əməliyyatlarının qalığını əhəmiyyətli azaldıb, sterilizasiya alətlərinin müddət çeşidini genişləndirib.

Ölkədə yaradılan makroiqtisadi sabitlik iqtisadi aktivliyə şərait yaradır. Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri iqtisadi aktivliyin yüksəldiyini təsdiqləyir.

Yanvar-sentyabr aylarında qeyri-nağd valyuta bazarında aparılan əməliyyatların həcmi 19,5 milyard ABŞ dolları ekvivalentində olub. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 81,8 faizi ABŞ dollarında, 18,2 faizi digər valyutalarda aparılıb. Qeyri-nağd valyuta əməliyyatlarının 33,6 faizi banklararası valyuta bazarında (BVB), 66,4 faizi isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

İqtisadiyyatın pula tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli bazar əməliyyatlarını aktiv saxlayıb. İlin ilk 9 ayında kredit aktivliyinin nisbətən yüksəlməsinə baxmayaraq bank sistemində irihəcmli likvidlik profisiti qalmaqda davam edib və bu, Mərkəzi Bankın həyata keçirdiyi sterilizasiya əməliyyatlarına yüksək tələbi şərtləndirib.