Azərbaycan banklarının xarici valyuta alğı-satqısı haqda hesabat açıqlanıb

2019.11.13 17:42 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta bazarında tələb-təklif nisbəti və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansındakı meyillərə uyğun formalaşıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul siyasəti icmalı"nda bildirilir. Sənəddə həmçinin deyilir ki, iqtisadi subyektlərin xarici iqtisadi əməliyyatlarının dinamikası cari ildə də valyuta bazarında əməliyyatların həcmi müəyyənləşdirən başlıca amil olub.

9 ayda qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların dəyəri 19,5 milyard ABŞ dolları təşkil edib. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 81,8 faizi dollarda, 18,2 faizi digər valyutalarda aparılıb. Qeyri-nağd valyuta əməliyyatlarının 33,6 faizi banklararası valyuta bazarında (BVB), 66,4 faizi isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Hesabat dövründə BVB-də əməliyyatların 95,5 faizi ABŞ dollarında, 4,2 faizi avroda, 0,3 faizi isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən "Bloomberg" platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının dəyəri 12,9 milyard dollar ekvivalentində olub ki, bunun da 74,8 faizini dollarla əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 91,4 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatların payına düşüb.

Hesabat dövründə banklar nağd xarici valyutanın alğı-satqısı üzrə 4,1 milyard dollarlıq əməliyyat aparıb ki, bunun da 3,2 milyard dollarını və yaxud 78 faizini dollarla aparılmış əməliyyatlar təşkil edib.